NDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov universitetin Tarix-filologiya, Təbiətşünaslıq və kənd təsərrüfatı, Fizika-riyaziyyat, Beynəlxalq münasibətlər və hüquq, Pedaqoji, Təbiətşünaslıq və kənd təsərrüfatı, İncəsənət,İqtisadiyyat və idarəetmə,Tibb və Xarici dillər fakültələrində təhsil alan I kurs tələbələri ilə görüş keçirib.
Görüş tələbələrin universitet həyatına adaptasiyasına dəstək göstərmək məqsədli olub və bu istiqamətdə onlarla fikir mübadiləsi aparılıb.
Nicat Yaqubov görüş zamanı ölkədə gənclərin hərtərəfli inkişafını təmin edən dövlət gənclər siyasətindən danışıb. Hansı peşə sahibi olmağından asılı olmayaraq, hər gəncin dövlətinə sadiq, milli-mənəvi dəyərlərə bağlı formalaşması gərəkdiyini vurğulayıb. Gənclərin təhsil həyatında uğur qazanmasına, beynəlxalq arenada təmsilçiliklərinin dəstəklənməsinə yönəlmiş layihələrdən, Naxçıvan Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib. Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı kimi tələbə birliklərinin rəhbərliyində təhsilalanların elmi, sosial və digər sahələrdə potensiallarını aşkarlayıb, uğur qazanabiləcəklərini diqqətə çatdırıb.
Prorektor tələbələrə universitetin daxili qaydaları, sosial layihələr, təqaüd və könüllülük proqramları, həmçinin tələbələrin ictimai fəallığının artırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. O, həmçinin tələbələri universitetin mədəni, sosial və elmi fəaliyyətində aktiv olmağa çağırıb, onların təhsil dövründə qazandıqları bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını vurğulayıb.
Sonda tələbələrin sualları dinlənilib və cavablandırılıb.