Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Musiqi təlimi” kafedrasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov qonaqları NDU rektoru adından salamlayaraq son dövrlərdə konservatoriyada çox qabilliyyətli, bacarıqlı tələbələrin yetişdiyini vurğulayıb. Prorektor konsert proqramında NDU tələbələri ilə yanaşı, NDU nəzdində Beynəlxalq Kembric məktəbinin şagirdlərinin də iştirakını yüksək qiymətləndirib. Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.
Bədii hissədə “Musiqi təlimi” kafedrasının “Harmoniya səsi” vokal qrupu, universitetin tələbələri və NDU nəzdində Beynəlxalq Kembric məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər. İncəsənət fakültəsinin “Musiqi təlimi” kafedrasının baş müəllimi Sevinc Musayevanın bədii rəhbərliyi ilə baş tutan konsert proqramında Aygün Səmədzadənin “Azərbaycan”, Səid Rüstəmovun “Vətən süitası”, Elşən Nicatın “Sağ ol, ey Vətən”, Fərhad Bədəlbəylinin “Prelüd”, Əlibaba Məmmədovun “Mənim Azərbaycanım”, Cahangir Cahangirovun “Alagöz”, Vaqif Mustafazadənin “Mart” və Lalə Cəfərovanın “Əbədiyaşar Heydər” əsərləri ifa olunub.
Konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.




