Naxçıvan Dövlət Universiteti İnnovasiya Mərkəzində dövlət satınalmalarına həsr olunmuş təlim təşkil edilib. Təlimdə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 40-dan çox təşkilatın əməkdaşları, o cümlədən Naxçıvan Dövlət Universitetinin əməkdaşları iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sektor müdiri Nicat Xəlilov “Dövlət satınalmalarında müşahidə olunan əsas çağırışlar və Agentliyin tövsiyələri” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı dövlət satınalmalarının əsas prinsipləri iştirakçıların diqqətinə çatdırılıb, satınalma prosedurlarının həyata keçirilməsi zamanı ortaya çıxan aktual məsələlər barədə məlumat verilib. Eyni zamanda ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, şikayətlərin verilməsi və satınalma müqaviləsinin tərtibi qaydaları izah edilib, Dövlət satınalmalarının vahid internet portalı (Etender.gov.az) portalı vasitəsilə dövlət satınalmalarında düzgün iştirak qaydaları diqqətə çatdırılıb.
Digər təqdimat isə Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşı Nizami Alməmmədov tərəfindən “Dövlət satınalmalarının auditi” mövzusuna həsr olunub. Təlim zamanı dövlət satınalmalarında audit prosesinin əhəmiyyəti, bu sahədə tətbiq olunan nəzarət mexanizmləri və auditin əsas mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, auditin əsas məqsədi dövlət vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsini təmin etmək, qanun pozuntularını aşkar etmək və maliyyə intizamını gücləndirməkdir.
Tədbir infosessiya formatında davam edib. Təlimçilər iştirakçıların suallarını cavablandıraraq mövzu ətrafında ətraflı izahlar veriblər.



