NDU-da İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib

12.05.2026

NDU-da İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib

        Naxçıvan Dövlət Universitetində idarəetmənin səmərəliliyinin artırılması, insan resursları və hüquqi təminat sahəsində xidmətlərin daha çevik və sistemli təşkili məqsədilə İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib. Yeni iş mühitində şöbənin gündəlik fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.

Burada əməkdaşların müraciətlərinin qəbulu, kadr sənədləşməsi, əmək münasibətlərinin tənzimlənməsi və hüquqi təminat işlərinin operativ aparılması üçün funksional imkanlar nəzərə alınıb. Şöbənin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə yeni məkanda ayrıca müsahibə otağı da yaradılıb. Bu otaq işə qəbul prosesində namizədlərlə fərdi və komissiya formatında görüşlərin keçirilməsi, kadr seçiminin şəffaf və peşəkar meyarlar əsasında aparılması, eləcə də əməkdaşlarla xidməti söhbətlərin və fərdi görüşlərin təşkili üçün nəzərdə tutulub. Eyni zamanda, sənədlərin qəbulu və qeydiyyatı, ərizə nümunələrinin təqdim olunması, əməkdaşların müraciətlərinin dinlənilməsi və aidiyyəti üzrə yönləndirilməsi üçün rahat xidmət mühiti yaradılıb. 

Açılış zamanı qeyd olunub ki, İnsan resursları və hüquq şöbəsi universitetin idarəetmə sistemində mühüm struktur bölmələrdən biridir. Şöbə əməkdaşların işə qəbulu, kadr uçotu, əmək müqavilələrinin rəsmiləşdirilməsi, vəzifə təlimatlarının hazırlanması, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dəstək göstərilməsi, daxili intizam məsələləri və universitetin hüquqi fəaliyyətinin təmin olunması istiqamətində mühüm funksiyalar yerinə yetirir.

Bildirilib ki, yeni iş otaqlarının istifadəyə verilməsi şöbənin fəaliyyətinin müasir idarəetmə prinsiplərinə uyğun qurulmasına, əməkdaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və insan kapitalının daha effektiv idarə olunmasına imkan yaradacaq. Naxçıvan Dövlət Universitetində struktur bölmələrinin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlar üçün müasir, rahat və funksional iş şəraitinin yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.