Naxçıvan Dövlət Universitetində “Turan” estrada ansamblının təqdimatında “Keçmişin sədası” adlı nostalji konsert proqramı baş tutub. Sərxan Abdullayevin bədii rəhbərliyi və Günay Məmmədovanın moderatorluğu ilə keçirilən konsertdə Azərbaycan musiqisinin sevilən bəstəkar və ifaçılarının unudulmaz əsərləri səsləndirilib.
Gecədə Oqtay Kazıminin “Ey həyat, sən nə qəribəsən” və “Qaytar eşqimi”, Emin Sabitoğlunun “Al məndən gülüşlərini” və “Bağışla”, Tofiq Quliyevin “Pəncərəmə qondu çiçək”, Elza İbrahimovanın “Ötən günlərimi qaytaraydılar”, Nüşabə Muradovanın “Dinlə məni, sevgilim”, Vaqif Mustafazadənin “Yollar”, Sərxan Sərxanın “Ay gecikən məhəbbətim”, Eldar Mansurovun “Bayatılar” və Müslüm Maqomayevın “Azərbaycan” mahnıları ifa olunub.
Layihənin əsas özəlliyi ondan ibarət olub ki, canlı ifaçılar korifey sənətkarların arxiv səsyazmaları ilə eyni səhnədə çıxış edərək musiqi nömrələrini müşayiət ediblər. Bu yanaşma həm milli musiqi irsinin qorunması və yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb, həm də ifaçılardan yüksək peşəkarlıq və dəqiqlik tələb edib. Çünki müşayiət zamanı ən kiçik zaman fərqi belə musiqi harmoniyasına təsir göstərə bilər.
Bildirilib ki, dünyada bu formatda müəyyən layihələr həyata keçirilsə də, bütöv konsert proqramı şəklində təqdim olunan belə genişmiqyaslı layihənin Azərbaycanda tətbiqi ilk hesab olunur. Bu baxımdan “Keçmişin sədası” təkcə nostalji konsert deyil, həm də yeni yaradıcılıq yanaşmasının təqdimatı kimi qiymətləndirilib.
Tədbirin sonunda universitetin rektoru çıxış edərək konsert proqramını yüksək qiymətləndirib, musiqi kollektivinə və təşkilatçılara təşəkkürünü bildirib. Qeyd olunub ki, milli musiqi irsinin yaşadılması, klassik sənət nümunələrinin gənc nəslə sevdirilməsi və universitet mühitində belə mədəni layihələrin təşkili xüsusi əhəmiyyət daşıyır.
Badəm Əliyeva
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsi




