NDU-da “Ömürboyu Təhsil ” mövzusunda beynəlxalq təlim  keçirilib

22.05.2026

NDU-da “Ömürboyu Təhsil ” mövzusunda beynəlxalq təlim  keçirilib

Naxçıvan Dövlət Universitetində “Ömürboyu Təhsil” istiqamətində beynəlxalq əməkdaşlığa həsr olunmuş görüş və təlim təşkil olunub. Tədbirdə İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Ömürboyu Təhsil Mərkəzinin müdiri professor Aslı Beyhan Acar iştirak edib.

Görüş zamanı professor Aslı Beyhan Acar rəhbərlik etdiyi mərkəzin fəaliyyəti, idarəetmə modeli, təlim proqramlarının təşkili, sertifikatlaşdırma mexanizmləri və ömürboyu təhsil sahəsində tətbiq olunan prosedurlar barədə ətraflı təqdimatla çıxış edib. Bildirilib ki, müasir universitetlərdə ömürboyu təhsil mərkəzləri yalnız əlavə təhsil platforması deyil, eyni zamanda universitet–sənaye əməkdaşlığını, peşəkar inkişafı və cəmiyyətlə əlaqələri gücləndirən mühüm strukturlardan biridir.

NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxışında universitetdə yeni yaradılmış Karyera və Ömürboyu Təhsil Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, mərkəzin əsas məqsədi tələbələrin, məzunların və müxtəlif yaş qruplarından olan şəxslərin peşəkar bacarıqlarının inkişafına dəstək olmaq, əmək bazarının tələblərinə uyğun təlim proqramları təşkil etmək və beynəlxalq təcrübələrin universitetdə tətbiqini təmin etməkdir.

Eyni zamanda vurğulanıb ki, bu istiqamətdə İstanbul Universiteti ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, birgə təlim proqramlarının hazırlanması və beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.