NDU-da Qədim Xalq Çalğı Alətləri ansamblının konsert proqramı baş tutub

08.05.2026

NDU-da Qədim Xalq Çalğı Alətləri ansamblının konsert proqramı baş tutub

 Naxçıvan Dövlət Universitetində NDU nəzdində Naxçıvan Musiqi Kollecinin Qədim Xalq Çalğı Alətləri ansamblının konsert proqramı keçirilib. 
 Hüseyn Mürsəlovun bədii rəhbərliyi ilə təşkil olunan konsert ənənəvi musiqi nömrələri ilə başlayıb. 
Ansamblın ifasında “Bayatı-Şiraz rəngi” səsləndirilib, daha sonra tələbələr tərəfindən “Ceyran bala”, kərkük xalq mahnısı olan “Mən səni sevmişəm, allam”, “Mani” ritmik muğamı, “Ay gözəl”, “Baş müxəmməs”, “Dəvəçi baharı”, “Abşeron rəqsi”, “Naz olaydı”, “Nihavend Longa” (Kevser Hanım) kimi musiqi nömrələri təqdim olunub. 
 
Konsert boyu Qədim Xalq Çalğı Alətləri ansamblı tamaşaçılara milli musiqimizin zənginliyini və qədim musiqi ənənələrini nümayiş etdirib. 
 Tədbir iştirakçılar tərəfindən böyük maraq və alqəşlarla qarşılanıb. 
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək musiqinin NDU və ümumilikdə Naxçıvanın mədəni həyatındakı rolundan danışıb.

Rektor musiqi sahəsində yeniliklərin davam etdirilməsinin, milli kimliyə bağlılığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Elbrus İsayev komanda işinin əhəmiyyətindən bəhs edərək orkestrin inkişafı, peşəkar kadr hazırlığının məktəb-kollec-universitet xətti üzrə davamlı şəkildə formalaşdırılması və yeni simaların professionallaşdırılmasının önəmini diqqətə çatdırıb. 
Qeyd edək ki, Qədim Xalq Çalğı Alətləri ansamblı ilk dəfə “Aşıq sənəti” ixtisası üzrə müəllim İxtiyar Seyidov tərəfindən 2005-ci ildə yaradılıb.

O, ansamblın bədii rəhbəri kimi bir sıra qədim alətləri bərpa edərək onların yenidən səhnə həyatına qayıtmasına nail olub. 
Ansamblın tərkibinə bərbət, rud, qopuz, çoğur, çəğanə, çəng, qanun, bəm tar, dilruba tənbur, kamanlı rübab kimi qədim alətlər daxil edilib. 
Eyni zamanda ney, tütək və baraban kimi nəfəsli alətlər də ansambla əlavə olunub. 
Naxçıvan tənburu və bəm rübab kimi yeni alətlər məhz İxtiyar Seyidov tərəfindən yaradılaraq kollektiv daha da zənginləşdirilib. 
Sonrakı mərhələdə isə nağara, qoşa nağara və muğni alətləri də ansamblın tərkibinə daxil edilib.

Ansambl 2021-ci ildə fəaliyyətini dayandırsa da, 2025-ci ildə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin təşəbbüsü ilə kollektivin fəaliyyəti yenidən bərpa olunub.