Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Əməkdar elm xadimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqoji elmlər doktoru Fərrux Rüstəmovun, eləcə də “Çapar - Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri, “Çapar” nəşriyyatının baş redaktoru, kolleksiyaçı, araşdırmaçı, yazıçı Dilqəm Əhmədin müəllifi olduqları kitabların təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova açaraq bildirib ki, “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı çərçivəsində keçirilən bu cür tədbirlər Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ziyalılarının elmi-publisistik fəaliyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Xumar Məmmədova təqdim olunan nəşrlərin Qərbi Azərbaycanın təhsil tarixinin, kənd həyatının və deportasiya proseslərinin öyrənilməsinə dəyərli töhfə verdiyini vurğulayıb.
Çıxış zamanı professor Fərrux Rüstəmov “Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi – 100” kitabı haqqında ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, nəşrdə Cil kəndinin tarixi keçmişi, iqtisadi və təsərrüfat həyatı, əhalinin məşğuliyyəti, adət-ənənələri və sosial-mədəni mühiti geniş şəkildə araşdırılıb. Kitabda Cil kənd orta məktəbinin kənddə təhsil və maarifçilik ənənələrinin formalaşmasında, mədəni-mənəvi mühitin inkişafında və ziyalı nəslinin yetişməsində oynadığı mühüm rol xüsusi olaraq işıqlandırılıb. Eyni zamanda kəndin şöhrət və şərəf salnaməsində əməyi olan məktəb direktorları, müəllimlər, məzunlar və digər ziyalılar haqqında qısa oçerklər təqdim olunub.
“Qərbi Azərbaycandan köçlər” kitabının müəllifi Dilqəm Əhməd isə çıxışında nəşrin məzmunu barədə məlumat verərək bildirib ki, kitabda “Qərbi azərbaycanlı mühacirlər” və “Qərbi azərbaycanlı mühacirlərin irsindən nümunələr” bölmələri çərçivəsində Qərbi Azərbaycandan köçlərin səbəbləri araşdırılıb, Türkiyə arxivlərində saxlanılan sənədlər əsasında həmin proseslərə dair təsəvvür formalaşdırılmağa çalışılıb. Müəllif qeyd edib ki, əsərdə ömrünü mühacirətdə keçirmiş bir sıra görkəmli ictimai-siyasi xadimlərin həyat yolu etibarlı mənbələr və arxiv materialları əsasında təqdim olunub. Kitabın son bölməsində isə İrəvanlı mühacirlərin irsindən seçilmiş nümunələr yer alıb.
Dilqəm Əhməd vurğulayıb ki, Türkiyə arxivlərindəki bütün sənədlərin toplanması, transliterasiyası və geniş şəkildə tədqiqi uzunmüddətli araşdırmalar tələb etsə də, nəşrdə həmin sənədlərdən seçilmiş nümunələrə və ailə arxivlərində qorunan materiallara xüsusi yer verilib.
Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının professoru, pedaqogika elmləri doktoru İsmayıl Əliyev, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev, “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev çıxışlarında təqdim olunan kitabların Qərbi Azərbaycanın tarixi keçmişinin, təhsil ənənələrinin, mədəni irsinin və soydaşlarımızın yaşadıqları deportasiya proseslərinin araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıdığını qeyd edərək nəşrlər haqqında fikirlərini bölüşüblər.
Sonda müəlliflər Dilqəm Əhməd və Fərrux Rüstəmov göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

.jpeg)


