Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gimnaziyaya 2026–2027-ci tədris ili üçün qəbul imtahanı keçirilib.
İmtahan universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində təşkil olunub. Qəbul prosesində 5-ci sinfi bitirən şagirdlər iştirak ediblər. Bu il ilk dəfə olaraq sənəd qəbulu elektron formada həyata keçirilib ki, bu da müraciət prosesinin daha operativ və şəffaf aparılmasına imkan yaradıb.
Ümumilikdə 526 şagird qeydiyyatdan keçib. Onlardan 521-i imtahanda iştirak edib.
İmtahanda şagirdlərə ingilis dili fənnindən 35, riyaziyyat fənnindən 25, Azərbaycan dili fənnindən 20, tarix fənnindən 10 və təbiət fənnindən 10 olmaqla ümumilikdə 100 sual təqdim edilib. İştirakçılara sualları cavablandırmaq üçün 3 saat vaxt verilib.
Qeyd edək ki, imtahanın nəticələrinə əsasən ən yüksək bal toplayan 30 qız və 30 oğlan olmaqla ümumilikdə 60 şagird Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gimnaziyaya qəbul olunacaq. Qəbul olunan şagirdlər yeni tədris ilindən etibarən gimnaziyada təhsillərini davam etdirəcəklər.


