NDU nəzdində Musiqi Kollecinin II kurs tələbəsi – gənc istedad Fidan Əliyevanın solo konserti keçirilib

06.05.2026

NDU nəzdində Musiqi Kollecinin II kurs tələbəsi – gənc istedad Fidan Əliyevanın solo konserti keçirilib

        Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin “Fortepiano” ixtisası üzrə II kurs tələbəsi Fidan Əliyevanın Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə “Musiqinin sərhədsiz dünyası” adlı solo konserti baş tutub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin dəstəyi, Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilib. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan konsertdə universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova tədbiri giriş sözü ilə açaraq, Fidan Əliyevanın sənət fəaliyyəti və uğurları barədə ətraflı məlumat verib, əldə olunan nailiyyətlərdə təhsil mühitində onun üçün yaradılan imkanların əhəmiyyətindən bəhs edib.

Fikrət Əmirov və Elmira Nəzirovanın “ Ərəb mövzularında Konsert” əsərinin  I hissəsi ilə başlayan proqram Cahangir Cahangirovun “Füzuli kontatası”nın II hissəsi, Fredrik Şopenin “İnqilabi etüd”, Abuzər Manafzadənin “Xocalıya” əsərləri, Sen-Sans “Dans Macabre” (ölüm rəqsi),

Ferens List – “2 saylı rapsodiya”, İohannes Brams – “Brams in salsa” (macar rəqsi) və Fərhad Bədəlbəylinin “Dəniz” əsərləri ilə davam edib.

Dünya klassikasının və milli musiqimizin ən dəyərli nümunələrini özündə birləşdirən proqram musiqi mədəniyyətlərinin vəhdətini aydın şəkildə nümayiş etdirib. Təqdim olunan repertuar dinləyicilərə həm klassik Avropa musiqisinin incəliklərini, həm də Azərbaycan bəstəkarlıq məktəbinin zənginliyini dərindən hiss etmək imkanı yaradıb.

 

Sonda Fidan Əliyevaya gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub. NDU-nun rektoru Elbrus İsayev gənc istedadı yaddaqalan konserti üçün təbrik edib, ona gələcək sənət fəaliyyətində uğurlar arzulayıb.

Konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov, konsertin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Təranə Hüseynovadır.