NDU və Milli Süni İntellekt Mərkəzinin birgə tərəfdaşlığı ilə yeni layihəyə start verilir

16.05.2026

NDU və Milli Süni İntellekt Mərkəzinin birgə tərəfdaşlığı ilə yeni layihəyə start verilir

          Naxçıvan Dövlət Universiteti və Milli Süni İntellekt Mərkəzinin birgə tərəfdaşlığı ilə universitet əməkdaşlarının süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş yeni layihəyə start verilib.

Süni İntellekt Mərkəzinin Təhsil eksperti Şəhriyar Məmmədli bildirib ki, layihə çərçivəsində universitetin Fizika-riyaziyyat. Memarlıq və mühəndislik fakültələrinin müəllim heyəti və universitet əməkdaşları üçün 8–10 aylıq intensiv təlim proqramları təşkil olunacaq. Təlimlər “Machine learning”, “Deep learning”, “Software engineering” və “Python” proqramlaşdırma dili istiqamətlərini əhatə edəcək.

          Vurğulanıb ki, dərslər Milli Süni İntellekt Mərkəzində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər tərəfindən keçiriləcək. Təlimlər həftənin beş günü onlayn formada, mərkəzin LMS platforması üzərindən təşkil olunacaq. İyun ayından başlanacaq proqram çərçivəsində iştirakçıların davamiyyəti və fəaliyyətləri mütəmadi şəkildə qiymətləndiriləcək, müxtəlif mərhələlər üzrə imtahanlar keçiriləcək və iştirakçılara tutor dəstəyi göstəriləcək.

          Nəzərə çatdırılıb ki, təlim proqramının sonunda keçiriləcək yekun imtahanı uğurla başa vuran iştirakçılar “Milli Süni İntellekt Mərkəzi Akademiyasının mütəxəssisi” statusunu qazanacaqlar. Sertifikat əldə edən əməkdaşlar gələcəkdə Naxçıvan Dövlət Universitetində süni intellekt sahəsində təlimlərin təşkili və tədrisi istiqamətində fəaliyyət göstərə biləcəklər.

          Qeyd edək ki, layihənin ilkin mərhələsində müəllimlərin riyazi bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə xüsusi imtahan təşkil edilib. Universitetin 15 əməkdaşı təlimlərdə iştirak hüququ qazanıb.