NDU-da “2025-2026-cı tədris ilində TEC xətti ilə aparılan elmi tədqiqat işlərinin Başlanğıc Konfransı” keçirilib

15.04.2026

NDU-da “2025-2026-cı tədris ilində TEC xətti ilə aparılan elmi tədqiqat işlərinin Başlanğıc Konfransı” keçirilib

          Naxçıvan Dövlət Universitetində  “2025-2026-cı tədris ilində TEC xətti ilə aparılan elmi tədqiqat işlərinin Başlanğıc Konfransı” baş tutub.

Əvvəlcə NDU-nun İncəsənət fakültəsində tələbələrin TEC xətti ilə hazırladıqları əl işləri, rəsm əsərləri, milli kulinariya nümunələri, həmçinin müxtəlif startap layihələrindən ibarət sərgiyə baxış olub.

Tədbirin girişində Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, son illərdə tələbələrin elmi fəaliyyəti tələbə sayına nisbətdə həm kəmiyyət, həm də keyfiyyət baxımından qaneedicidir. TEC-in hər il yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan rektor tələbələrin artıq öz elmi nailiyyətlərini startapa çevirmələrini böyük uğur kimi dəyərləndirib. Elmi fəaliyyətin inkişafı ilə bağlı qarşıdan duran vəzifələri, görüləsi işləri nəzərə çatdıran rektor bütün tədqiqatçı tələbələrə, onların elmi rəhbərlərinə təşəkkür edib, uğurlar arzulayıb.

NDU Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə hesabat xarakterli çıxış edib. Bildirib ki, Naxçıvan Dövlət Universitetində 2025-2026-cı tədris ilində 1775 nəfər tələbə tərəfindən 1751 elmi tədqiqat işi aparılıb. Bu göstərici universitetdə təhsil alan əyani tələbələrin 24,2 %-nə bərabərdir. Son 6 ilə nəzər saldıqda elmi fəaliyyətlə məşğul olan tələbə sayı 3 dəfəyə qədər artıb. Gender kateqoriyasına uyğun olaraq baxdıqda 2025-2026-ci tədris ilində 1775 nəfər elmi-tədqiqatla məşğul olan tələbələrin 72,56%-ni qadınlar, 27,44%-ni kişilər təşkil edir. Ən çox tələbənin elmi tədqiqat apardığı fakültə 228 nəfərlə Tibb fakültəsi, ən çox tələbənin elmi tədqiqat apardığı kafedra isə 78 nəfərlə “Klinik fənlər və hərbi tibb” kafedrasıdır. Elmi-tədqiqatla məşğul olan tələbələrin 66-sı əcnəbi tələbələrdir.  2026-cı ilin ilk 4 ayı ərzində 3 tələbənin (Dövlət və ictimai münasibətlər, Tibb(tədris ingilis dilində) və Kimya) məqaləsi Scopus və Web of Science elmmetrik bazalarında indekslənib.

Daha sonra “İqtisadiyyat (tədrisi ingilis dilində)” ixtisası üzrə III kurs tələbəsi Gülnar Cabbarova “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq mühitinin optimallaşdırılması istiqamətləri” mövzusunda elmi tədqiqat işini nümayiş etdirib və hazırladığı Naxçıvan sahibkarlıq xəritəsini rektora hədiyyə edib.

 “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə IV kurs tələbəsi Leyla Süleymanlının “Naxçıvan Dövlət Universiteti kampusunun funksional planlaşdırılması: daşınmaz əmlak obyektlərinin, yaşıl sahələrin və nəqliyyat infrastrukturunun GİS əsaslı xəritələşdirilməsi və 3D modelləşdirilməsi və “Kimya” ixtisası üzrə III kurs tələbəsi Şahmurad Rüstəmovun “Leklanş elementi əsasında Alternativ Qalvanik sistemlərin qurulması və səmərəliliyinə təsir edən amillərin araşdırılması” mövzusunda elmi-praktiki məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində “Belkanto” vokal qrupunun ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, bölmə iclasları 10 fakültədə, 45 panel üzrə keçiriləcək, 1700-dən artıq məruzə dinləniləcək.

 

Gülay Tahirli

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi