NDU-da 2026-cı ilin ilk IELTS imtahanı baş tutub

24.04.2026

NDU-da 2026-cı ilin ilk IELTS imtahanı baş tutub

23–24 aprel tarixlərində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub. İki gün davam edən imtahanda universitetin müəllimləri,  ingilis dilində təhsil alan tələbələr və şagirdlərdən ibarət ümumilikdə 14 nəfər iştirak edib.

İmtahanın ilk günü iştirakçıların bir qismi dinləmə, oxu və yazı bacarıqları, digər bir qismi isə danışıq bacarıqları üzrə qiymətləndirilib. İkinci gün isə iştirakçılar imtahanın növbəti mərhələsini tamamlayıblar. Bütün mərhələlərdə imtahan suallarının hazırlanması, təşkili və qiymətləndirilməsi Britaniya Şurası tərəfindən həyata keçirilib.

2022-ci ildən fəaliyyət göstərən mərkəz Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılıb. Mərkəzdə indiyədək 350-dən artıq müəllim, tələbə və şagird beynəlxalq imtahan verib. Nəticədə mərkəz ingilis dili biliklərinin beynəlxalq meyarlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, iştirakçıları qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Eyni zamanda NDU əməkdaşları və tələbələri 7.0 və ya daha yüksək nəticə əldə etdikdə imtahan üçün ödənilmiş vəsait onlara geri qaytarılır.

Qeyd edək ki, mərkəzin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə yenilənib, kompüter avadanlıqları və səskeçirməz qapalı qulaqlıqlarla təmin olunub.

           Həmçinin bildirək ki, NDU-nun IELTS Qeydiyyat və İmtahan Mərkəzində beynəlxalq imtahanlar müntəzəm olaraq hər üç aydan bir təşkil edilir. Növbəti IELTS imtahanının isə iyun ayında keçirilməsi planlaşdırılır.

 

Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi