NDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

02.02.2026

NDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

Naxçıvan Dövlət universitetində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Texnoloji transfer və innovasiyalar sektorunun, İdman klubunun, Memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələrinin əl işlərindən, nailiyyətlərini əks etdirən diplom və kuboklarından ibarət sərgiyə baxış keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək Azərbaycan Gəncləri Gününün təsis edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ölkədə gənclər siyasətinin bir mərkəzdən idarə olunması məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılmasını xüsusi vurğulayan rektor qeyd edib ki, bu gün Azərbaycan gəncləri dövlətin əsas dayağı və aparıcı qüvvəsidir. Elbrus İsayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib: “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim Zəfərimiz, torpaq uğrunda canından keçən və keçməyə hazır olan gənclər bu siyasətin uğurunu bir daha təsdiqlədi”.

NDU gənclərinin uğurlarından bəhs edən rektor onların elmi fəaliyyətlərinə xüsusi diqqət çəkib: “2025-ci il ərzində NDU-nun bakalavriat pilləsində təhsil alan tələbələr tərəfindən yazılmış 150-dən çox elmi məqalə yerli və xarici jurnallarda, konfrans materiallarında dərc edilib”.

Elbrus İsayev gəncləri təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

NDU-nun Biotexnologiya laboratoriyasının müdiri Əli Quliyev çıxışında dövlətin apardığı gənclər siyasətinin rolundan, eləcə də NDU-da gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib: “NDU-da gənclərə göstərilən dəstək, maddi-texniki bazanın gücləndirilməsi burada gənclərin potensialının üzə çıxarılmasına xidmət edir”.

NDU-nun “Kompüter mühəndisliyi (tədrisi ingilis dilində)” ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Cəmilə Babayeva gəncliyin ən yaxşı özünüinkişaf mərhələsi olduğunu vurğulayıb. Diqqət və qayğıya görə dövlətə və universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin mükafatlandırma mərasimində universitetin könüllülük, mədəniyyət, idman, innovasiya sahələrində fəallığına görə seçilən tələbələrə, həmçinin tələbə təşkilatlarının bir sıra fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin “Turan”qrupunun, “Belkanto” vokal qrupunun və əcnəbi tələbələrdən ibarət “Bəri bax” vokal qrupunun ifalarında müxtəlif musiqi nömrələri səsləndirilib.

 Sonda Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx izlənilib, xatirə fotosu çəkdirilib.

 

Gülay Tahirli

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı