NDU-da Beynəlxalq Memarlar Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində Beynəlxalq Memarlar Günü münasibətilə tədbir keçirilib.  

Universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, Naxçıvan diyarı qədim zamanlardan bəri nadir memarlıq nümunələri ilə Yaxın Şərqdə tanınıb. Tarixin müxtəlif dövrlərində burada memarlıq sənəti yüksək səviyəyə çatıb. Xüsusilə Azərbaycanda orta əsr memarlığı Əcəmi Əbubəkr oğlu yaradıcılığı ilə Naxçıvanda möhtəşəm tarixi memarlıq əsərləri ilə yadda qalıb. Bu gün də bu abidələr nəinki ölkə, dünya memarlığının əvəzsiz örnəklərindəndir və dövlətimizin daim diqqətindədir. Rektor  Prezident İlham Əliyevin 22 may 2025-ci il  tarixili  dünya əhəmiyyətli Möminə xatun tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı Sərəncamını diqqətə çatdırıb,  ölkədə həyata keçirilən layihələrdə memarlıq irsinin qorunması yönündəki fəaliyyətlərdən bəhs edib.

NDU-nun Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov  və Memarlıq kafedrasının müdiri, dosent Gülnarə Qənbərova çıxış edərək əlamətdar günün tarixindən söz açıblar. Natiqlər qeyd ediblər ki, bu gün 1985-ci ildə Beynəlxalq Memarlar İttifaqı (UIA) tərəfindən təsis edilib və ölkəmizdə də hər il qeyd olunur. 

Ali təhsil ocağında ənənəvi olaraq keçirilən “Beynəlxalq Memarlar Günü” tədbiri çərçivəsində sonda  tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub və fəallıqları ilə seçilən tələbələr diplomla təltif olunublar.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı