Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerli səviyyədə tətbiqi, prioritetlərin müəyyən edilməsi və 2030 Gündəliyi barədə məlumatlılığın artırılması məqsədilə Naxçıvan Dövlət Universitetində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdən əvvəl universitetdə DİM-lərlə bağlı təşkil olunmuş sərgiyə baxış keçirilib. Ardınca iştirakçılar NDU-nun Dayanıqlı İnkişaf Mərkəzi ilə tanış olublar.
NDU-nun Dayanıqlı İnkişaf Mərkəzi ilə tanışlıq zamanı universitetin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli bildirib ki, universitetdə Dayanıqlı İnkişaf Mərkəzi, eyni zamanda Dayanıqlı və Strateji İnkişaf şöbəsi fəaliyyət göstərir. Dayanıqlı inkişaf üzrə fəaliyyət planına uyğun olaraq, əsas məqsəd və hədəflər müəyyənləşdirilib. Akademik və tələbə heyətinin DİM-lər üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq sorğular, seminarlar və təlimlər təşkil edilir.
Qeyd olunub ki, beynəlxalq təlim proqramları çərçivəsində 6 ölkədən 21 əcnəbi tədqiqatçının iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən silsilə təlimlər keçirilib. Həmin təlimlərdə ümumilikdə 1960 nəfər iştirak edib.
Bildirilib ki, hazırda NDU əməkdaşlarının “Scopus” elmi bazasında indekslənən DİM-lərə uyğunlaşdırılmış 300-dən artıq məqaləsi mövcuddur. Son beş ildə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə ən çox elmi məqalə də məhz Naxçıvan Dövlət Universitetinə məxsusdur.
Universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi nəticələr də diqqətə çatdırılıb. Belə ki, NDU “Times Higher Education Impact Rankings” üzrə müxtəlif istiqamətlərdə 401–600 və 601–800 aralığında yer alıb. Universitet həmçinin “GreenMetric” reytinqində dünyanın 1700 universiteti arasında 628-ci pillədə qərarlaşıb.
NDU-nun Dayanıqlı İnkişaf Mərkəzində 57 əcnəbi professorun fəaliyyət göstərməsinin universitetdə beynəlxalq elmi mühitin güclənməsinə, DİM-lər üzrə tədqiqatların genişlənməsinə və tələbələrin beynəlxalq təcrübədən faydalanmasına mühüm töhfə verdiyi vurğulanıb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq bildirib ki, NDU məhz Ulu Öndərin dəstəyi ilə təsis olunub. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə iki elmi tədqiqat institunun NDU-nun tabeliyinə verilməsinin ali təhsil ocağına göstərilən dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.
Rektor bildirib ki, hazırda NDU-da bakalavriat, magistratura, rezidentura səviyyələri üzrə ümumilikdə, 250 ixtisas üzrə kadr hazırlığı aparılır. NDU nəzdində 3 kollec, 2 məktəb, 2 elmi tədqiqat institutun fəaliyyət göstərdiyini bildirən rektor həmçinin universitetin beynəmiləlləşmə siyasətindən bəhs edərək NDU-da Beynəlxalq imtahan və təlim mərkəzinin, SRT mərkəzinin, IBM-lə əməkdaşlığın DİM-lərin reallaşdırılması istiqamətində əhəmiyyətindən bəhs edib.
Rektor DİM-lərin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Universitetdə görülən işlərin, aparılan tədqiqatların DİM-lərə uyğunluğunun hesablanmış strateji inkişaf planının icrasının tələbi kimi qoyulduğunu vurğulayıb.
Rektor bildirib ki, 700-dən artıq rəsmi üzvü olan SDG klubun sistemli, aydın fəaliyyət planı var, klubda bu günə qədər 20 layihə icra olunub.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxışında bildirib ki, Azərbaycan dayanıqlı inkişaf sahəsindəki nailiyyətləri beynəlxalq səviyyədə ardıcıl və şəffaf şəkildə təqdim edən qabaqcıl ölkələrdən biridir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və insan kapitalı ilə bu dayanıqlı inkişaf prosesində mühüm rol oynadığını vurğulayan nazir regionun kənd təsərrüfatı, sənaye, logistika, turizm və digər sahələrində mövcud imkanlarının DİM-lərlə uyğunlaşdırıldığını qeyd edib. Nazir həmçinin Naxçıvan Muxtar Respublikasının son illərdəki iqtisadi inkişafı, DİM-lərin həyata keçirilməsi məqsədilə görülən işlərdən danışıb.Vurğulayıb ki, qazanılan bütün uğurlar Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli, ardıcıl sosial-iqtisadi siyasətin real nəticəsidir.
AR iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Birgə DİM-lərin Lokallaşdırılması Təşəbbüsü üçün Şuşa və Naxçıvan şəhərlərinin seçildiyini bildirib. Qeyd edib ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib.
Dayanıqlı İnkişaf Məqsədlərinin regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, qlobal hədəflərin yerli səviyyədə tətbiqi regionların potensialının daha səmərəli şəkildə qiymətləndirilməsinə, mövcud resurslardan düzgün istifadəyə və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına imkan yaradır.
Hüseyn Hüseynov bildirib ki, regionların inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, eyni zamanda təhsil, elm, innovasiya, ekologiya və sosial rifah kimi amillərlə birbaşa bağlıdır. Bu baxımdan ali təhsil müəssisələrinin regionların inkişaf strategiyalarında fəal iştirak etməsinin vacibliyi diqqətə çatdırılıb. Universitetlərin elmi tədqiqatları, innovativ layihələri və kadr hazırlığı vasitəsilə regional inkişaf prosesinə mühüm töhfə verdiyi bildirilib. NDU tərəfindən DİM-lərin hər bir məqsədinin altında mahiyyətə uyğun fəaliyyət icra olunduğuna diqqət çəkən müşavir bunun DİM üçün ən vacib məsələrdən biri olduğunu vurğulayıb.
Daha sonra AR İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Mülayim Axundovanın “DİM Lokallaşdırılmasının Məqsədi, Prinsipləri və Faydaları: Beynəlxalq təcrübənin ümumiləşdirilməsi”, AR İqtisadiyyat nazirliyinin regionların inkişafı şöbəsinin müdir müavini Fariz Əhmədovun isə “Regionların sosial-iqtisadi inkişafına dair” mövzularında təqdimatları dinlənilib.
Təqdimatların ardınca iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotosu çəkdirilib.




