NDU-da Əməkdar mədəniyyət işçisi Tağı Tağıyevin dərs vəsaitinin təqdimatı keçirilib

04.03.2026

NDU-da Əməkdar mədəniyyət işçisi Tağı Tağıyevin dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi, Əməkdar mədəniyyət işçisi, tarzən Tağı Tağıyevin “Tar üçün qammalar və çalışmalar” adlı dərs vəsaitinin təqdimatı baş tutub.

Tədbirdə NDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək rektor adından müəllifi təbrik edib, ona gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Prorektor “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası haqqında məlumat verərək, dərs vəsaitinin məhz bu konsepsiyanın prioritetlərinə uyğun şəkildə nəşr olunmasının əhəmiyyətini vurğulayıb.

NDU nəzdində Musiqi Kollecinin direktoru, Naxçıvan MR-in Əməkdar müəllimi Məhəbbət Babayeva müəllifin həyat və yaradıcılıq yolundan bəhs edərək bildirib ki, ömrünün yarıdan çoxunu sənətə və pedaqoji fəaliyyətə həsr edən Tağı Tağıyev həm praktiki, həm də nəzəri bilikləri ilə musiqi təhsilinə dəyərli töhfələr verib.

Təqdimatda NDU-nun “Xalq çalğı alətləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vahid Məmmədov və NDU nəzdində Musiqi Kollecinin müəllimi, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov də çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, dərs vəsaitində 36 müxtəlif ştrix forması və 36 növ ritmik qruplaşma sistemi tətbiq edilib. Eyni zamanda, tar ifaçılığında, xüsusilə qamma və etüdlərin ifası zamanı yarana biləcək texniki çətinliklərin aradan qaldırılması üçün xüsusi metodlar işlədilib. Çıxış edənlər vurğulayıblar ki, sözü gedən dərs vəsaiti ali və orta ixtisas musiqi təhsili müəssisələrində akademik fəaliyyət üçün faydalı resurs kimi istifadə oluna bilər.

Sonda müəllif Tağı Tağıyev çıxış edərək ona göstərilən diqqət və qayğıya görə rektora və kollektivə dərin minnətdarlığını bildirib, dərs vəsaitinin musiqi təhsilinə faydalı olacağına inandığını vurğulayıb.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.