“III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” noyabrın 14-də Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Çankırı Karatekin Universiteti (Türkiyə), İğdır Universiteti (Türkiyə), Rzeszovski Universiteti (Polşa), AMEA Naxçıvan Bölməsi və Azərbaycan Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Açılışı Duzdağ Müalicə Mərkəzində olan konqresin məqsədi duz mədənlərinin geoloji, tibbi, ekoloji və turizm potensialını elmi əsaslarla araşdırmaq, bu sahədə beynəlxalq müzakirələr aparmaq, speleoterapiya və sağlamlıq turizmi istiqamətində yeni əməkdaşlıq imkanları yaratmaqdır.
Konqresin işi Naxçıvan Dövlət Universitetində baş tutan bölmə iclasları ilə davam edib. “Duzlu ekosistemlərdə flora və fauna”, “Kimya, Biotexnologiya və Tibb”, “Ətraf mühit və davamlı inkişaf”, “İqtisadiyyat və sosial tərəqqi”, “Geologiya və minerologiya”, “Etnoqrafiya və mədəni irs”, “Memarlıq və texnologiya”, “Tarix və arxeologiya” mövzuları üzrə 3 salon, 5 paneldə üz-üzə və onlayn formatda müzakirələr aparılıb.
Bölmə iclaslarında 5 ölkədən, 21 elmi və təhsil müəssisəsindən olan alimlərin 60-dan çox məruzəsi dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Fəxriyyə Səyyadova
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı