
Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzində “Laboratoriyalarda təhlükəsizlik qaydaları, keyfiyyətli idarəetmə yanaşmaları və keyfiyyət mədəniyyətinin izlənilməsi” mövzusunda peşəkar inkişaf təlimi təşkil olunub.
Təlim NDU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, “Kimya” kafedrasının baş müəllimi Sevinc Kərimova tərəfindən laboratoriya heyətinin peşəkar kompetensiyalarının artırılması məqsədilə keçirilib.
NDU-nun Tədrisin təşkili şöbəsinin müdiri Aynurə Seyidova laborator dərslərin tədris prosesində mühüm rol oynadığını, laboratoriya müdirləri, laborant və preparator heyətin yalnız texniki icraçı deyil, həmçinin təcrübə prosesinin keyfiyyətinə birbaşa nəzarət edən məsul şəxslər olduqlarını bildirib. Qeyd olunub ki, laboratoriyada aparılan istənilən təcrübə və tədqiqatın etibarlılığı nəticələrin düzgün sənədləşdirilməsinə, avadanlıqların təhlükəsiz və təlimata uyğun istifadəsinə, həmçinin komanda üzvləri arasında koordinasiyanın təmin edilməsinə əsaslanır. Bu cür təlimlərin keçirilməsi laboratoriya heyətinin məsuliyyət bölgüsünü daha aydın anlamasına, təhlükəsizlik və standartların vahid şəkildə tətbiqinə və ümumilikdə, laborator fəaliyyətində keyfiyyət mədəniyyətinin gücləndirilməsinə xidmət edir.
Təlimdə universitetin müxtəlif fakültələrindən laboratoriya müdirləri, laborantlar və preparator heyəti iştirak edib.
Qeyd edək ki, təlim NDU-nun “Laboratoriyalarda etibarlı tədqiqat və təcrübə fəaliyyəti zamanı təhlükəsizlik texnikaları və bədbəxt hadisələrdən mühafizə qaydaları” haqqında təlimatı əsasında aparılıb.
Sonda təlim iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Aidə İbrahimova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

