NDU-da payız semestrinin imtahanları başlayıb

08.01.2026

NDU-da payız semestrinin imtahanları başlayıb

Naxçıvan Dövlət Universitetində 2025–2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına yanvarın 5-dən start verilib. İmtahanların təşkili və keçirilməsi universitetin rektoru Elbrus İsayevin müvafiq əmrinə əsasən həyata keçirilir.

İmtahanlar əsasən iki növbədə təşkil olunur və imtahanların ardıcıllığı tələbələrin seçiminə uyğun olaraq müəyyən edilir. Tələbələr imtahan cədvəllərini “E-cədvəl” mobil tətbiqi vasitəsilə əldə edir, imtahan sualları isə semestrin əvvəlindən etibarən LMS platforması üzərindən şəxsi kabinetlərinə yerləşdirilib.

Elektron test üsulu ilə keçirilən imtahanlar TMİS vahid platforması üzərindən aparılır. Tələbələrə 50 sual təqdim olunur və cavablandırmaq üçün 1 saat vaxt ayrılır. İmtahan başa çatdıqdan sonra sistem nəzarətçi tərəfindən bağlanır və nəticə dərhal tələbənin şəxsi hesabında əks olunur. Bal “Fənlərim” bölməsində avtomatik qeyd edilir və tələbələr nəticələrini buradan izləyə bilirlər.

Yazılı imtahanlar zamanı isə tələbələrə üzərində QR kod olan xüsusi imtahan vərəqləri təqdim olunur. Bu sistem şəffaflıq və obyektivlik məqsədi ilə tətbiq olunur. İmtahan bitdikdən sonra vərəqlər nəzarətçilər tərəfindən qəbul edilir və müəyyən edilmiş yoxlama marşrutu üzrə cavabdeh şəxslərə ötürülür.

İmtahanlar fakültə üzrə imtahan zallarında minimum iki nəzarətçinin iştirakı ilə, universitet əməkdaşlarından ibarət İmtahan Komissiyası tərəfindən aparılır. Zallar müasir texniki avadanlıq və müşahidə kameraları ilə təchiz edilib.

Sessiyanın şəffaflığını və operativliyini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Apellyasiya Komissiyası daxil olan müraciətləri operativ və tamamilə elektron qaydada araşdıraraq cavablandırır.