NDU Elmi Kitabxanasında elmi-nəzəri seminar keçirilib

11.12.2025

NDU Elmi Kitabxanasında elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Rəqəmsal transformasiya mühitində kitabxanaların müasir imkanları: problemlər, həlli yolları” adlı elmi-nəzəri seminar keçirilib

Tədbiri giriş sözü ilə açan NDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov müasir kitabxana sistemini şərtləndirən əsas amillər haqqında bəhs edərək rəqəmsal transformasiya mühitində kitabxanaların inteqrasiya prosesinin vacibliyini vurğulayıb.

Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova məruzəsində NDU Elmi Kitabxanasının rəqəmsallaşma mühitində qazandığı yeni imkanları, müasir texnologiyaları, abunə olduğu beynəlxalq elmi bazalar haqqında məlumat verib.

Daha sonra NDU Elmi Kitabxanasının direktor müavini Aysu Rəsulzadə, M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının direktoru Tamella Əsgərova, Adil Babayev adına Naxçıvan MR Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov, İmran Qasımov adına Naxçıvan Şəhər MKS-nin Kitabişləmə və komplektləşdirmə şöbəsinin böyük kitabxanaçısı Aysun Məhərrəmli və M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov rəqəmsal dövrdə kitabxanaların yeni missiyası, innovativ inkişafı, oxucular üçün yaratdığı müasir imkanları barədə çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar Elmi Kitabxananın müasir imkanları, abunə olduğu beynəlxalq elmi bazaları ilə yaxından tanış olublar.

Qeyd edək ki, seminarda NDU nəzdindəki kolleclərin, Beynəlxalq məktəbin, Naxçıvan Hərbi Kollecinin, Naxçıvan Müəllimlər İnstitununun və AMEA Elmi Kitabxanasının direktor və əməkdaşları da iştirak ediblər.