Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili təmayüllü Gimnaziyanın Şagird Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev gimnaziyada formalaşdırılan təhsil mühitinin müasir pedaqoji yanaşmalara və elmi-praktiki prinsiplərə əsaslandığını bildirib. Rektor qeyd edib ki, universitetin nəzdində fəaliyyət göstərən gimnaziya yüksək akademik göstəriciləri ilə seçilir, şagirdlərin imtahan və fənn olimpiadalarında əldə etdikləri nailiyyətlər burada təhsilin yüksək səviyyədə olduğunu göstərir.
Elbrus İsayev gimnaziyada formalaşdırılan təhsil mühitinin şagirdlərin analitik düşüncə qabiliyyətlərinin inkişafına, yaradıcılıq və tədqiqat bacarıqlarının gücləndirilməsinə, sosial və vətəndaşlıq fəallığının artırılmasına xidmət etdiyini vurğulayıb. Rektor gimnaziyanın müəllim kollektivinin peşəkarlığını yüksək qiymətləndirərək, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Gimnaziyanın direktoru Nazim Rəhimov çıxışında Şagird Elmi Cəmiyyətinin yaradılmasının təhsil strategiyasında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.
Daha sonra Şagird Elmi Cəmiyyətinin sədri Hüseyn Tahirov cəmiyyətin məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Tədbirin bədii hissəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Gimnaziya şagirdlərinin ifasında “Bir adımız var: Azərbaycan” adlı bədii kompozisiya təqdim olunub.
VII sinif şagirdləri “Nəlbəki” və “Qafqaz” xalq rəqslərini ifa edib, “Qaynana” filmindən səhnəcik maraqla qarşılanıb.
Birləşmiş xor kollektivi “Qarabağ”, “We Wish You a Happy New Year”, “Nağıllar Dünyası Naxçıvan” və “Yeni il gəldi” mahnılarını səsləndirib.
Yeni il musiqisinin sədaları altında Şaxta baba və Qar qızın səhnəyə çıxışı tədbirə xüsusi bayram ovqatı bəxş edib.
Tədbirin sonunda fəal iştirak edən, sınaq imtahanlarında və olimpiadalarda fərqlənən şagirdlər diplomlarla təltif olunub.
Qeyd edək ki, tədbir elm, yaradıcılıq və milli-mənəvi dəyərlərin vəhdətini özündə əks etdirərək gimnaziyanın təhsil və tərbiyə konsepsiyasının parlaq təzahürü kimi yadda qalıb.


