NDU-nun Tibb fakültəsinin SABAH qrupunun tələbələri Duzdağ Müalicə Mərkəzində təcrübi dərsdə iştirak ediblər

22.12.2025

NDU-nun Tibb fakültəsinin SABAH qrupunun tələbələri Duzdağ Müalicə Mərkəzində təcrübi dərsdə iştirak ediblər

Dekabrın 20-də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Tibb” ixtisası üzrə II kurs SABAH qruplarının tələbələri üçün Duzdağ Müalicə Mərkəzində təcrübi dərs təşkil olunub.

Təcrübi dərs Naxçıvan Dövlət Universitetinin müəllimi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reabilitasiya şöbəsinin müdiri İlahə Zeynalovanın rəhbərliyi ilə keçirilib. Dərs zamanı tələbələrə fizioterapiyada iqlim terapiyasının əhəmiyyəti, Duzdağın müalicəvi xüsusiyyətləri, müxtəlif xəstəliklər zamanı duz mühitinin tətbiq sahələri, göstəriş və əks-göstərişlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təbii duz mühiti xüsusilə tənəffüs sistemi xəstəliklərinin müalicəsində mühüm rol oynayır və bu üsul müasir fizioterapiyada geniş istifadə olunur.

Tələbələr Duzdağ Müalicə Mərkəzində yaradılmış müasir şərait, müalicə palataları və həyata keçirilən müalicə prosesi ilə yaxından tanış olublar. Eyni zamanda, Duzdağın tarixi, duz mədənlərinin yaranma mərhələləri və onların sağlamlıq turizmi baxımından əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində tələbələr Duzdağ mağarasında müalicə alan şəxslərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yaradılmış kitabxanada da olublar. Kitabxanada saxlanılan tibbi, elmi-populyar və bədii ədəbiyyat nümunələri ilə tanış olan tələbələr burada mövcud kitab fonduna baxış keçiriblər. Qeyd olunub ki, bu cür maarifləndirici mühit müalicə alan şəxslərin psixoloji rahatlığının təmin edilməsində və müalicə prosesinin effektivliyinin artırılmasında mühüm rol oynayır.

İlahə Zeynalova çıxışında Naxçıvan duzunun mineral tərkibi, müalicəvi üstünlükləri və fizioterapiyada tətbiq imkanları haqqında geniş məlumat verib. Bildirilib ki, Naxçıvan duzu keyfiyyət və mineral tərkibinə görə Himalay duzundan sonra dünyada ikinci sırada yer alır və digər duz mədənlərindən fərqli xüsusiyyətlərə malikdir.

Müalicə Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğun infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl işlərin aparıldığı vurğulanıb. Qeyd edilib ki, bu cür təcrübi dərslər tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsinə, peşə bacarıqlarının formalaşdırılmasına və gələcək ixtisas fəaliyyətlərinə daha dərindən hazırlanmasına mühüm töhfə verir.

 

Aidə İbrahimova

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı