Naxçıvan Dövlət Universiteti Batabat Astrofizika Rəsədxanasının məlumatına görə, 28 fevral 2026-cı ildə “Planetlərin böyük paradı” müşahidə olunacaq.
Planetlərin paradı Günəş sistemindəki bir neçə planetin, ümumiyyətlə, eyni səma sahəsində görünməsi və bir-birinə yaxınlaşması hadisəsidir. Bu vəziyyət təbii olaraq təkrarlanan bir hadisədir. 28 fevralda planetlərin düzülüşü zamanı axşam səmasında altı planet (Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun) görünəcək.
Həmin gün hava şəraiti əlverişli olarsa, teleskopsuz gözlə asanlıqla müşahidə edilən planetlər: Venera (maqnitudası -3.9, səmadakı Aydan sonra ən parlaq cisim), Yupiter (maqnitudası -2.4, həmçinin parlaqdır), Saturn (maqnitudası 1.0, orta dərəcədə parlaqdır), Merkuri (maqnitudası 1.6 parlaqdır və görmək mümkündür).
Optika tələb edən planetlər: Uran (maqnitudası 5.8, binokl tələb olunur) və Neptun (maqnituda 7.8, güclü binokl və ya teleskop tələb olunur).
28 fevral 2026-cı ildə Merkuri planeti Günəş batdıqdan qısa müddət sonra qərb üfüqünün çox aşağı hissəsində görünəcək. Ona görə də Merkuri planetini müşahidə etmək imkanı qısa olacaq − təxminən bir saatdan da az müddətdə görünəcək.
Venera planeti səmadakı ən parlaq planet olsa da, həmin axşam üfüqə çox yaxın yerləşəcək. Buna görə də onu müşahidə etmək üçün açıq və aydın qərb üfüqü, həmçinin erkən müşahidə vacibdir. Parlaqlığı sayəsində Venera Merkuri və yaxınlıqdakı digər planetləri tapmaq üçün ən əlverişli istinad nöqtəsi olacaq.
Veneradan bir qədər yuxarıda yerləşən Saturn planeti ulduzlardan fərqli olaraq sabit işıq saçması ilə seçiləcək. Lakin planetlərin Günəşə yaxın mövqedə və üfüqə yaxın hündürlükdə yerləşməsi onların aşkar edilməsini müəyyən qədər çətinləşdirə bilər.
Cənub-şərqdə yüksəkdə Yupiter parlaq şəkildə görünəcək.
Bu gün həm də Ay Yupiter planetinə çox yaxın görünəcək və aralarındakı məsafə təxminən 4° olacaq. Mənfi tərəfi isə, demək olar ki, dolunay Ay da səmanı işıqlandıracaq və Uran kimi zəif planetləri görməyi çətinləşdirəcək (Qeyd olunan məlumatlar 28 fevral 2026-cı il tarixində planetlərin səmadakı mövqeyi ilə bağlıdır və həvəskar müşahidəçilər üçün müşahidəni asanlaşdırmaq məqsədi daşıyır).
“Planetlərin paradı” nə planetimizə, nə də onun üzərində yaşayan canlılara hər hansı mənfi təsir göstərir. Bu hadisə sadəcə gecə səmasını daha da gözəlləşdirən və yalnız müşahidə xarakteri daşıyan astronomik hadisədir.



