“Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində Naxçıvanı NDU nəzdində Gimnaziyanın komandası təmsil edəcək

11.02.2026

“Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində Naxçıvanı NDU nəzdində Gimnaziyanın komandası təmsil edəcək

           Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində Naxçıvan Muxtar Respublikasını təmsil edəcək.

Müsabiqənin final mərhələsi 3–5 mart 2026-cı il tarixlərdə Bakı Ali Neft Məktəbində keçiriləcək.

Gimnaziya müsabiqədə ReseptPlus layihəsini təqdim edəcək. ReseptPlus səhiyyə sahəsində reseptlərin yazılması, ötürülməsi və icrası zamanı yaranan problemlərin aradan qaldırılmasına yönəlmiş texnoloji və praktiki həll təqdim edir. Layihənin əsas məqsədi resept işində dəqiqliyin artırılması, insan amilindən qaynaqlanan səhvlərin azaldılması və idarəetmənin rəqəmsallaşdırılmasıdır.

Layihə çərçivəsində reseptlərin elektron formada hazırlanması və saxlanılması, məlumatların təhlükəsiz sistem üzərindən idarə olunması və həkim–aptek arasında məlumat mübadiləsinin daha nəzarətli şəkildə aparılması nəzərdə tutulur. Bu yanaşma dərmanların yanlış verilməsi riskini minimuma endirməyə xidmət edir.

Eyni zamanda ReseptPlus resept məlumatlarının sistemli şəkildə toplanmasına imkan yaradaraq statistik və analitik təhlillərin aparılmasını mümkün edir. Bu isə səhiyyə sahəsində daha düzgün qərarların verilməsinə və resurslardan daha səmərəli istifadəyə şərait yaradır.

İnnovativ yanaşması və real problemlərə fokuslanması ilə seçilən ReseptPluslayihəsi münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilərək müsabiqənin final mərhələsinə yüksəlib.

Qeyd edək ki, layihənin müəllifi gimnaziyanın XI sinif şagirdi Hüseyn Tahirov, elmi rəhbər Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Hüseyn İmanov, köməkçi şagird isə Gimnaziyanın XI sinif şagirdi Kənan Məmmədzadədir.