NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın və Naxçıvan şəhərində yerləşən digər tam orta məktəblərin XI sinif şagirdləri Naxçıvan Dövlət Universitetində olublar.
Tanışlıq zamanı abituriyentlərə Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, əməkdaşlıqları, ixtisas istiqamətləri və laboratoriyaları barədə ətraflı məlumat verilib. Onlar fakültələrin auditoriyaları, praktiki biliklərin tətbiqinə imkan yaradan tədris və tədqiqat mühiti, eləcə də digər infrastruktur imkanları ilə tanış olublar.
NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov abituriyentlərə Tibb fakültəsinin imkanları barədə də ətraflı məlumat verib. Bildirib ki, fakültədə həm Azərbaycan, həm də ingilis dili üzrə tədris aparılır, dünyanın müxtəlif universitetlərindən əcnəbi professorlar tədris və tədqiqata cəlb olunurlar. Nicat Yaqubov həmçinin universitetin beynəlxalq mobillik proqramlarında fəal iştirakından bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Avropa Tibb Tələbələri Assosiasiyası vasitəsilə tələbələr üçün 26 Avropa ölkəsinə səfər və təcrübə imkanları yaradılır.
Bununla yanaşı, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ixtisas seçimində birinci Naxçıvan Dövlət Universitetini seçən tələbələrə aylıq 250 manat təqaüd verildiyi və onların yataqxana ilə ödənişsiz təmin olunduğu da şagirdlərin diqqətinə çatdırılıb.

.jpeg)


