Tanınmış sənətkarlar Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçiblər

13.04.2026

Tanınmış sənətkarlar Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçiblər

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində münsiflər heyəti tələbələr üçün ustad dərsi keçiblər.

Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Rəşad Haşımov İncəsənət fakültəsində tələbələrlə görüşüblər. Görüşdə sənətkarlar tərəfindən tələbələrin ifaları dinlənilib, xanəndəlik sənətinin incəlikləri, qavalın ifa texnikası, səhnə həyəcanının idarə olunması, düzgün tələffüz qaydaları haqqında məlumat verilib.

Universitetin Elmi Kitabxanasında  Əməkdar in­cəsənət xadimi Baba Vəziroğlu ilə görüş baş tutub. Tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov çıxışında şair, tərcümə­çi, kinodramaturq Baba Vəziroğlunun nəğməkar şair kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Diskussiya formatında davam edən görüşdə Baba Vəziroğlu müəllim və tələblərin suallarını cavablandırıb, öz şeirlərini səsləndirib.

Azərbaycan Respublikasının Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Təranə Muradova ilə ustad dərsi universitetin İdman Kompleksində təşkil olunub. Ustad dərsi çərçivəsində sənətkar tərəfindən Naxçıvan Dövlət Universitetinin və onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrinin musiqi və rəqs bacarıqları dəyərləndirilib. Təranə Muradova müxtəlif rəqs elementləri və kompozisiyaları tələbələr üçün əyani şəkildə nümayiş etdirib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin “İfaçılıq və musiqi müəllimliyi” kafedrasının müdiri, tanınmış tarzən Arslan Növrəsli ilə NDU-nun İncəsənət fakültəsində görüş keçirilib. Sənətkar, xüsusilə tar alətinin çoxşaxəli imkanları, caz sənətinin incəlikləri barədə ətraflı məlumat verib. O, müasir yanaşmalar, improvizasiya üsulu ilə ifa və digər aktual mövzulara toxunub. Görüş çərçivəsində NDU-nun və NDU nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllim və tələbələrinin sualları cavablandırılıb.

Gülay Tahirli

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi