NDU-da Fizika-riyaziyyat fakültəsi əməkdaşlarının yubiley tədbiri keçirilib
10.10.2026
21:50
36
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin əməkdaşları – riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Eminovun 75, riyaziyyat üzrə fəlsəfə doktoru Elşad Ağayevin 70, fizika üzrə fəlsəfə doktoru, dosent Aygün Sultanovanın 65 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq yubilyarları təbrik edib, onların uzunillik elmi-pedaqoji fəaliyyətlərinin Naxçıvan Dövlət Universitetinin inkişafında, gənc mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. Rektor hər üç müəllimin fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Yubilyarlara təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olunub.
Daha sonra Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vüqar Salmanov yubilyarların həyat yolları, elmi və pedaqoji fəaliyyətləri haqqında ətraflı məlumat verib. Onların təhsil və elm sahəsində qazandıqları uğurların, eləcə də zəngin təcrübələrinin gənclər üçün örnək olduğunu bildirib.
Tədbirdə həmçinin “Ümumi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Abdulla Həsənov, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Billurə Hacıyeva və digər çıxışçılar hər üç müəllimin elmi-pedaqoji fəaliyyəti və şəxsi keyfiyyətləri haqqında xoş fikirlərini bölüşüblər.
Sonda çıxış edən yubilyarlar göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.