Axtarış

AZ EN

NDU-da “Hamiləlikdə qan qrupu uyğunsuzluğu və toksoplazmoz infeksiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib

21.11.2026 13:49 88
NDU-da “Hamiləlikdə qan qrupu uyğunsuzluğu və toksoplazmoz infeksiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib


Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Klinik fənlər və hərbi tibb” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevanın müəllifi olduğu “Hamiləlikdə qan qrupu uyğunsuzluğu və toksoplazmoz infeksiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib.


Tədbirdə çıxış edən “Elmi fəaliyyətin təşkili və təhlili” şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, dosent Ənvər İbrahimov, Tibb fakültəsinin dekan əvəzi Şəfiqə Süleymanova, “Klinik fənlər və hərbi tibb” kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev, “Kimya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov və digər iştirakçılar əsərin elmi əhəmiyyətindən, tədqiqatın aktuallığından və tibb elminə verdiyi töhfələrdən bəhs ediblər.


226 səhifəlik monoqrafiyada hamiləlik dövründə qan qrupu uyğunsuzluğu və xroniki toksoplazmoz infeksiyasının yaratdığı fəsadlar, hamiləliyin vaxtından əvvəl pozulmasının səbəbləri, eləcə də müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsi məsələləri araşdırılıb. Tədqiqat çərçivəsində 149 pasiyent üzərində aparılan araşdırmalar əsasında infeksiyanın ABO qan qrupu sistemi üzrə sensibilizasiya ilə qarşılıqlı təsiri, müalicə üsulları və fiziki müalicə metodlarının tətbiqi elmi cəhətdən təhlil olunub.


Təqdimatda iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva müəllifin bacısı kimi onun zəhmətkeşliyindən, elmə və peşəsinə bağlılığından, qarşılaşdığı çətinliklərə baxmayaraq məqsədlərinə inamla irəliləməsindən danışıb. O, Gültəkin Əliyevanın əzmkarlığını və çoxillik fəaliyyətini xüsusi vurğulayıb.


Müəllif çıxışında tədqiqatın yaranma tarixçəsinə toxunaraq, qan qrupu uyğunsuzluğu və xroniki infeksiyalar səbəbindən baş verən hamiləlik itkiləri ilə bağlı müşahidələrinin onu bu istiqamətdə elmi araşdırmalara sövq etdiyini bildirib. Qeyd edib ki, təqdim olunan monoqrafiya müəllifi olduğu doqquzuncu kitabdır.


Gültəkin Əliyeva göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.


Sonda müəllifə gül dəstələri təqdim olunub.

Paylaş: