Axtarış

AZ EN

NDU Elmi Kitabxanasında “İdman və sağlam həyat tərzi” monoqrafiyası təqdim olunub

07.09.2026 14:54 10
NDU Elmi Kitabxanasında “İdman və sağlam həyat tərzi” monoqrafiyası təqdim olunub
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimi Vidadi Salmanovun müəllifi olduğu “İdman və sağlam həyat tərzi” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Tədbirdə NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Valeh Əlixanov, “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov və digər müəllimlər iştirak ediblər.
Çıxış edənlər monoqrafiya haqqında fikirlərini bölüşərək nəşrin idman və sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, üç fəsildən ibarət monoqrafiyada sağlam həyat tərzinin formalaşmasında idmanın pedaqoji və metodoloji əsasları, kütləvi idmanın nəzəri və metodoloji əsasları, həmçinin Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında müasir idmanın peşəkar növlərinin inkişaf perspektivləri araşdırılıb.
Sonda müəllif Vidadi Salmanov göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, tədbir iştirakçılarına və həmkarlarına təşəkkürünü bildirib.

Paylaş: