Axtarış

AZ EN

NDU nəzdində Gimnaziyada “Zəfər tariximizin qürur salnaməsi” adlı tədbir keçirilib

06.11.2026 20:27 109
NDU nəzdində Gimnaziyada  “Zəfər tariximizin qürur salnaməsi”   adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər tariximizin qürur salnaməsi” adlı tədbir keçirilib.

Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin milli birliyimizin, ordumuzun gücünün və xalqımızın sarsılmaz iradəsinin nəticəsində olduğunu bildirib. Qeyd edib ki, bu qələbə Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, dövlətimizin qüdrətini və xalqımızın əzmini bütün dünyaya nümayiş etdirib. Elbrus İsayev şəhidlərin qəhrəmanlığının və qazilərin fədakarlığının daim ehtiramla yad edilməsinin, Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətinə toxunan rektor bu kimi tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Gimnaziyanın direktoru Nazim Rəhimov çıxışında Zəfər Gününün yetişməkdə olan nəslin milli qürur və vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətini vurğulayıb. Şagirdlərin Vətənə sevgi, dövlətçilik ənənələrinə sədaqət və qəhrəmanlıq nümunələrinə hörmət ruhunda yetişdirilməsinin təhsil müəssisəsinin əsas prioritetlərindən olduğunu bildirib.

Vətən müharibəsi qazisi Malik Cəbiyev çıxışında döyüş yollarından, Vətən torpaqlarının azadlığı uğrunda göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs edib. O, Qələbənin böyük qurbanlar və sarsılmaz iradə hesabına əldə olunduğunu vurğulayaraq şagirdləri Vətənə bağlı, milli dəyərlərinə sahib çıxan və ölkəsinin gələcəyi üçün məsuliyyət daşıyan vətəndaşlar kimi yetişməyə çağırıb.

Tədbirin bədii hissəsində gimnaziyanın şagirdləri tərəfindən “Zəfərin mübarək, Qarabağ!”, “Zəfər müjdəsi” səhnəcikləri, “Biz qalib ölkənin vətəndaşıyıq”, “Mənim atam qəhrəmandır” mahnıları, “Zəfər” və “Sözalı” rəqsləri təqdim olunub. Bununla yanaşı, şagirdlərin ifasında Vətənə, qəhrəmanlığa və Zəfərə həsr olunmuş şeirlər, “Sarı gəlin” xalq mahnısı, eləcə də “Mən müharibəni görmədim, amma Zəfərin mənasını bilirəm”, “Qazi atası haqqında ürək sözləri” və “Mənim qazi qardaşım” adlı kompozisiyalar nümayiş etdirilib. Proqramda “TURAZ” xor kollektivinin çıxışları da maraqla qarşılanıb.

Tədbirin sonunda 8 Noyabr – Zəfər Günü münasibətilə VI sinif şagirdləri arasında keçirilmiş viktorinada I yerə layiq görülən “Xarıbülbül” və II yeri tutan “Dəmir yumruq” komandalarına təşəkkürnamələr təqdim olunub.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: