Axtarış

AZ EN

Xəzər Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

29.10.2026 09:01 27
Xəzər Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
Naxçıvan Dövlət Universitetində Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbdə təşkil olunan görüşdə ali təhsilin inkişafı, elm və yaradıcılıq, müasir təhsil yanaşmaları və universitetlərarası əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq Naxçıvan Dövlət Universiteti ilə Xəzər Universiteti arasında uzun illərdir davam edən əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb, birgə həyata keçirilən təşəbbüslərin və qarşılıqlı təcrübə mübadiləsinin hər iki ali təhsil müəssisəsi üçün faydalı nəticələr verdiyini bildirib.

Görüş Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarovun moderatorluğu ilə professor Hamlet İsaxanlı ilə interaktiv söhbət formatında davam edib.

Səmimi və maraqlı müzakirələrlə yadda qalan görüşdə professor Hamlet İsaxanlı zəngin həyat yolu, elmi və pedaqoji fəaliyyəti, təhsil sahəsində qazandığı təcrübə, eləcə də yaradıcılıq dünyası ilə bağlı fikirlərini bölüşüb. Alim müasir dövrdə təhsilin qarşısında duran çağırışlar, elmi düşüncənin formalaşması, mütaliənin əhəmiyyəti və gənclərin fərdi inkişafı kimi mövzular ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb. Görüş zamanı Hamlet İsaxanlının çoxşaxəli yaradıcılığına da diqqət ayrılıb.

Tədbirdə Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya Məktəbi” MMC-nin direktoru, Nailəxanım Fondunun rəhbəri Aygün Qardiner İsayeva da çıxış edib. O, professor Hamlet İsaxanlının həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüb, Nailəxanım İsayevanın Azərbaycan təhsilinə verdiyi töhfələrdən bəhs edib. Çıxış zamanı Nailəxanım adına təqaüd proqramı haqqında da qısa məlumat verilib. Ardınca Nailəxanım İsayevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elm, təhsil və yaradıcılığın vəhdətində keçən görüş iştirakçıların böyük marağına səbəb olub, qarşılıqlı fikir mübadiləsi və səmimi müzakirələrlə yadda qalıb.

  Sonda xatirə hədiyyələri təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.  


Paylaş: