Axtarış

AZ EN

NDU-da Beynəlxalq Mədəni Diplomatiya Forumu keçirilib

09.10.2026 17:47 157
NDU-da Beynəlxalq Mədəni Diplomatiya Forumu keçirilib

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Mədəni Diplomatiya Forumu keçirilib. Tədbir Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı, Ərzurum Böyükşəhər Bələdiyyəsinin himayəsi, Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzi Dərnəyinin təşkilatçılığı, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Yunus Əmrə İnstitutunun iştirakı ilə baş tutub.


Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.


Forumun açılışında çıxış edən Türkiyənin İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri Ergün Engin Azərbaycan və Türkiyənin ortaq mədəniyyətə, tarixə və coğrafiyaya malik olduğunu vurğulayıb. Ergün Engin Naxçıvan Dövlət Universitetinin türk tələbələrin təhsil aldığı mühüm ali təhsil müəssisələrindən biri olduğunu qeyd edib, universitetlər arasında akademik əməkdaşlığın və tələbə-müəllim mübadiləsinin əhəmiyyətinə diqqət çəkib.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Azərbaycan və Türkiyə arasında tarixi-mədəni bağlılığın təhsil sahəsindəki əməkdaşlıqla daha da möhkəmləndiyini vurğulayıb. Rektor NDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsinə, xüsusilə, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişafına diqqət çəkib. Bildirib ki, türk professorların universitetdə mütəmadi olaraq tədris prosesinə cəlb olunması tələbələrin bilik və bacarıqlarının inkişafına, akademik təcrübənin paylaşılmasına mühüm töhfə verir. Azərbaycanlı tələbələrin və professor-müəllim heyətinin mobillik proqramlarında iştirakının universitetlər arasında elm və təhsil əlaqələrinin möhkəmlənməsinə şərait yaratdığını vurğulayan rektor ortaq mədəni irsin qorunması və təbliği baxımından belə forumların əhəmiyyətini də qeyd edib.


Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun konsul müavini Ayşe Şengül Yıldırım forumun yalnız fikir mübadiləsi platforması deyil, həm də yeni dostluqların və mədəni layihələrin başlanğıcı olduğunu bildirib. Ayşe Şengül Yıldırım tədbirin Azərbaycan-Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsinə, Naxçıvanın türk dünyasındakı rolunun daha geniş tanıdılmasına, ortaq tarixi yaddaşın və mədəni irsin gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Forum üç əsas panel üzrə müzakirələrlə davam edib. Panellərdə ictimai diplomatiya, media və kommunikasiya, tarixi yaddaş, geokultural əlaqələr, qeyri-maddi mədəni irsin qorunması, ortaq kimlik, mədəni mənsubiyyət və rəqəmsal dövrdə mədəniyyətin təmsil olunması məsələləri müzakirə edilib.


Müzakirələrdə Yunus Əmrə İnstitutunun Türk Mədəniyyəti və İncəsənəti Departamentinin rəhbəri Ali Rıza Karabağ, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Nazlı Yaqubova, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar, Türkiyə Milli Müdafiə Universitetinin “Respublika tarixi” kafedrasının professoru İbrahim Ethem Atnur və digər iştirakçılar çıxış ediblər.


Forum çərçivəsində ənənəvi türk teatrının nümunələri olan “Orta oyunu”, “Karagöz və Hacivat” səhnəcikləri nümayiş etdirilib. Qeyd edək ki, Karagöz və Hacivat” səhnəciyi Naxçıvanda ilk dəfə göstərilib.

 

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi



Paylaş: