Axtarış

AZ EN

NDU-da “Gənclərin çağırışaqədərki hazırlığının nəzəriyyəsi və tədris metodikası” adlı dərs vəsaitinin təqdimatı baş tutub

11.09.2026 16:17 54
NDU-da “Gənclərin çağırışaqədərki hazırlığının nəzəriyyəsi və tədris metodikası” adlı dərs vəsaitinin təqdimatı baş tutub
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Pedaqoji fakültənin “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimi Nazim Həsənovun müəllifi olduğu “Gənclərin çağırışaqədərki hazırlığının nəzəriyyəsi və tədris metodikası” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova nəşrin əhəmiyyətindən danışıb. Bildirilib ki, dərs vəsaiti gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi xidmətə hazırlanması, eləcə də dövlətçiliyin müdafiəsi ilə bağlı zəruri bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Valeh Əlixanov, həmin kafedranın dosenti Oktay Rzayev və baş müəllimi Cavanşir Zeynallı dərs vəsaitinin məzmunu və elmi-metodik əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 9 fəsildən ibarət nəşrdə çağırışaqədərki hazırlığın təşkili və planlaşdırılması, tədris metodikası, maddi-texniki təminat, topoqrafik hazırlıq, azimutla hərəkət, mülki müdafiə, fövqəladə hallar və ilk tibbi yardım kimi istiqamətlər əhatə olunub. Nəşrdə, həmçinin Vətən müharibəsində şəhid olmuş çağırışaqədərki hazırlıq müəllimləri barədə məlumatlar yer alıb.

Tədbirdə müəllifin övladları Mələk Həsənova, Nərmin Həsənova və Azad Həsənov da çıxış edərək atasını yeni nəşr münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar. Övladları tərəfindən müəllifə gül dəstəsi və müxtəlif hədiyyələr təqdim olunub.

Sonda müəllif Nazim Həsənov göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.


Paylaş: