Axtarış

AZ EN

NDU-da Gənclərin Süni İntellekt Forumu keçirilib

08.10.2026 22:38 47
NDU-da Gənclərin Süni İntellekt Forumu keçirilib

Naxçıvan Dövlət Universitetində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə Gənclərin Süni İntellekt Forumu keçirilib.


Tədbir başlamazdan əvvəl  Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Forumda çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov bildirib ki, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qeyd edib ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində ixtisaslı kadr hazırlığı və gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması əsas hədəflərdəndir.


Prorektor həmçinin NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumunun tələbə və gənclərin süni intellekt üzrə inkişafına, birgə layihələrin həyata keçirilməsinə imkan yaratdığını vurğulayıb.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev forumun əhəmiyyətindən və gənclər üçün yaradılan imkanlardan danışıb.


Naxçıvanda ilk dəfə keçirilən forumun məqsədi gənclərin süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, texnologiyaların peşə və karyera seçimlərinə təsirini müzakirə etmək, onları dəyişən əmək bazarının tələblərinə hazırlamaqdır.


Tədbir çərçivəsində “Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə əmək bazarında baş verən dəyişikliklər, yeni peşələr və gənclərin karyera imkanları diqqət mərkəzində olub.


Forumda həmçinin Milli Süni İntellekt Mərkəzinin marketinq mütəxəssisi Qismət Abdullanın təqdimatında “Agentic AI və onun real həyatda tətbiqi” mövzusunda vörkşop təşkil edilib.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi



Paylaş: