Axtarış

AZ EN

NDU-da I Naxçıvan Beynəlxalq Tibb Günləri –2026 çərçivəsində dəyirmi masa keçirilib

25.09.2026 17:09 46
NDU-da  I Naxçıvan Beynəlxalq Tibb Günləri –2026 çərçivəsində dəyirmi masa keçirilib

I Naxçıvan Beynəlxalq Tibb Günləri-2026 çərçivəsində Azərbaycanın və qardaş Türkiyənin tanınmış səhiyyə təşkilatçıları, həkimlər, universitet xəstəxanalarının baş həkimləri və akademik heyətlə birlikdə müasir dövrdə tibbi kadr hazırlığının prioritetləri, xəstəxanaların fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib, fikir mübadiləsi aparılıb.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görüşdə beynəlxalq elmi-praktik platformanın əhəmiyyəti, müasir tibb sahəsində yeni yanaşmalar, elmi əməkdaşlığın genişləndirilməsi və Naxçıvan Dövlət Universitetində tibb təhsilinin inkişaf perspektivlərindən danışıb.


Fikir mübadiləsi zamanı elmi-tədqiqat fəaliyyətində gənc mütəxəssislərin və tələbələrin erkən mərhələdən araşdırmalara cəlb olunmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə xəstəxanalarda tədqiqatyönümlü strukturun formalaşdırılması, beynəlxalq təcrübədən yararlanılması, keyfiyyətli statistik məlumatların toplanması və qabaqcıl xarici klinikalarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.


Qeyd edək ki, I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 Naxçıvan Dövlət Universiteti, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cərrahlar Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.


Beynəlxalq elmi-praktik platformaya Ankara Universiteti, Hacettepe Universiteti, Azərbaycan Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Avrasiya Qastroenteroloji Cərrahlar Cəmiyyəti, Azərbaycan Üz-Çənə Cərrahlar Cəmiyyəti, Azərbaycan Plastik-Rekonstruktiv Cərrahlar Cəmiyyəti, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyəti, Azərbaycan Hepatoloqlar və Qastroenteroloqlar Cəmiyyəti, Türkiyə Ostomi Cəmiyyəti, Memorial Sağlamlıq Qrupu və Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti təşkilati dəstək göstərir.


Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi


Paylaş: