Axtarış

AZ EN

NDU-da “Mənalı və şərəfli ömürdən səhifələr” kitabının təqdimatı keçirilib

14.10.2026 11:02 22
NDU-da “Mənalı və şərəfli ömürdən səhifələr” kitabının təqdimatı keçirilib
Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, 1990-cı illərdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Mehrac Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Mənalı və şərəfli ömürdən səhifələr” kitabının təqdimatı keçirilib. Tədbir çərçivəsində Mehrac Əliyevin 75 illik yubileyi də qeyd olunub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsində və milli dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynadığını qeyd edib. Rektor Mehrac Əliyevin ölkənin mürəkkəb tarixi mərhələlərindəki zəngin ictimai-siyasi fəaliyyətindən bəhs edərək “Mənalı və şərəfli ömürdən səhifələr” kitabının Azərbaycanın yaxın tarixinin öyrənilməsi və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb.

 Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məruzə ilə çıxış edərək Mehrac Əliyevin fəaliyyətini dövrün ictimai-siyasi reallıqları fonunda dəyərləndirib. Anar İsgəndərov Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət idarəçiliyində çalışan şəxslərin üzərinə düşən məsuliyyətdən, həmin dövrdə bölgələrdə siyasi proseslərin inkişafından və ictimai həmrəyliyin təmin olunmasının vacibliyindən bəhs edib.

 Daha sonra Naxçıvan Dövlət Universitetinin ”Sosial və ictimai məsələlər” kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Ordubad rayon Veteranlar təşkilatının sədri Fərrux Nağızadə, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Etibar İsmayılov, təqaüdçü Şahsuvar Rüstəmov, bələdiyyə sədri Tofiq Babayev və təqaüdçü Ədalət Əliyev çıxış ediblər. Çıxışlarda Mehrac Əliyevin şəxsi keyfiyyətləri, təşkilatçılıq bacarığı, ictimai-siyasi fəaliyyəti, Yeni Azərbaycan Partiyasının Ordubad rayonunda təşkilatlanması və fəaliyyətinin formalaşmasındakı xidmətləri diqqətə çatdırılıb.

Sonda Mehrac Əliyev tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlığını bildirib. Ulu Öndər Heydər Əliyevlə görüşlərindən və birgə fəaliyyət dövründə yaşadığı əlamətdar hadisələrdən danışaraq dövlətçilik ənənələrinə sadiqliyin, milli birliyin qorunmasının və Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini vurğulayıb.

 Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən Mehrac Əliyevə və Anar İsgəndərova hədiyyələr təqdim olunub.

 Xatirə fotosu çəkdirilib. 
Paylaş: