Axtarış

AZ EN

NDU-da professor Sevindik Vəliyevin 80 illik yubileyi qeyd olunub

13.10.2026 14:57 34
NDU-da professor Sevindik Vəliyevin 80 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Sevindik Vəliyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdən əvvəl mərhum professorun məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub və məzarı üzərinə gül dəstələri qoyulub.

Tədbir Sevindik Vəliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Sevindik Vəliyevin zəngin həyat və fəaliyyət yolundan, elm və təhsil sahəsinə verdiyi töhfələrdən, ziyalı şəxsiyyətini səciyyələndirən yüksək insani keyfiyyətlərdən bəhs edib. Rektor vurğulayıb ki, Əməkdar müəllim nüfuzlu alim və təcrübəli pedaqoq olmaqla yanaşı, səmimiyyəti, müdrikliyi və ictimai mövqeyi ilə seçilən ziyalı kimi universitetin elmi-pedaqoji mühitində özünəməxsus yer tutub.

Tədbirdə çıxış edən universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov və Pedaqoji fakültənin dekanı Vəli Əliyev professorun elmi-pedaqoji fəaliyyətindən, təhsil sahəsindəki xidmətlərindən və universitetin inkişafına verdiyi töhfələrdən söz açıblar. Bildirilib ki, onun elmə və təhsilə verdiyi töhfələr, müəllimlik fəaliyyəti və ətrafındakılara örnək olan şəxsiyyəti daim ehtiramla xatırlanır.

 “Sosial və ictimai münasibətlər” kafedrasının professorları Məmməd Rzayev və Qərib Allahverdiyev mərhumla bağlı dostluq xatirələrindən bəhs ediblər. “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov və “Azərbaycan dilçiliyi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əsədullasoy çıxışlarında professorla bağlı xatirələrini bölüşərək onun xarakterinin fərqli cəhətlərinə toxunublar. Onlar professorun səmimi münasibətini, dostluğa sədaqətini, çətinliklər qarşısında iradəsini və ətrafındakı insanlara həssas yanaşmasını xatırladaraq onun şəxsiyyətinin yalnız elmi fəaliyyəti ilə deyil, insanlarla qurduğu münasibətlərlə də seçildiyini vurğulayıblar. “Jurnalistika və xarici ölkə ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov professorun fəaliyyətini pedaqoji, elmi-tədqiqat və alimlik istiqamətləri üzrə dəyərləndirib, onun elmi axtarışları və təhsil sahəsindəki xidmətlərinə diqqət çəkib.

 Professorun oğlu Rəmzi Vəliyev atasının xatirəsinə göstərilən diqqət və ehtirama, yubiley tədbirinin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.


Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi


Paylaş: