Axtarış

AZ EN

NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb

20.10.2026 17:35 100
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb

Naxçıvan Dövlət Universiteti  ilə Çinin Beijing Information Science and Technology University (BISTU) ali təhsil müəssisəsi arasında "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə 2+2 formatlı ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb. Proqrama əsasən, tələbələr bakalavriat təhsilinin ilk iki ilini Naxçıvanda, növbəti iki ilini isə Pekində davam etdirərək hər iki universitetin diplomunu əldə edə biləcəklər. Proqrama tələbə qəbulunun 2027-2028-ci tədris ilindən başlanması nəzərdə tutulur.


Müqavilə NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb. İmzalanma mərasimində NDU-nun rektoru Elbrus İsayev, BISTU-nun rektoru, professor Guo Fu və hər iki ali təhsil müəssisəsinin rəhbər heyətinin nümayəndələri iştirak ediblər.


Müqavilənin şərtlərinə əsasən, proqramı uğurla başa vuran və hər iki universitetin akademik tələblərini yerinə yetirən məzunlar iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı qazanacaqlar. Proqram tələbələrin beynəlxalq akademik mühitdə təhsil almalarına, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradacaq.


Təhsillərinin bir hissəsini Pekində davam etdirəcək tələbələr BISTU-nun laboratoriyalarından, texnoloji infrastrukturundan və elmi-tədqiqat imkanlarından yararlanmaqla nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək imkanı əldə edəcəklər.


Səfər çərçivəsində keçirilən görüşdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində birgə təhsil proqramlarının inkişafı, professor-müəllim heyətinin akademik mobilliyi və ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları da müzakirə olunub.


Əməkdaşlıq çərçivəsində 2027-ci ilin aprel və may aylarında BISTU-nun professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə səfərləri nəzərdə tutulur.


Çinli professorların NDU-da ixtisas fənləri üzrə dərslər keçməsi, universitetin akademik heyəti ilə birgə elmi tədqiqatlar aparması, həmçinin informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahələrində təlim və elmi seminarlar təşkil etməsi planlaşdırılır.


BISTU ilə imzalanan müqavilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq akademik əməkdaşlığının genişləndirilməsinə, Azərbaycan–Çin ali təhsil əlaqələrinin inkişafına xidmət edəcək.

Paylaş: