NDU-da Cavad Cavadlının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
12.10.2026
09:51
25
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 avqust 2026-cı il tarixindən “Şair Cavad Cavadlının ədəbi irsinin təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir ədibin doğulduğu Naxçıvan Muxtar Respublikasında, Naxçıvan Dövlət Universitetində keçirilib.
Tədbirin aparıcısı, layihə rəhbəri Jalə Cəfərova qonaqları salamlayaraq Cavad Cavadlının həyat və yaradıcılıq yoluna nəzər salıb, ədibin yaşadığı dövrün ictimai-siyasi mənzərəsi, qarşılaşdığı çətinliklər və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Cavad Cavadlının yaradıcılığında xalqın taleyi, tarixi yaddaş və milli həqiqətlərin mühüm yer tutduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Cavad Cavadlının Azərbaycan həqiqətlərinin işıqlandırılmasındakı rolunu vurğulayıb, yaradıcılığının gənc nəslin milli ruhda tərbiyəsində əhəmiyyətini qeyd edib. Rektor ədibin dövrünün problemlərini, Azərbaycan xalqının tarixində baş vermiş ağrılı hadisələri əsərlərində əks etdirdiyini bildirib. Naxçıvanın Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etdiyini vurğulayan Elbrus İsayev xalqın azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparmış şəxsiyyətlərin irsinin yaşadılmasının vacibliyini diqqətə çatdırıb.
NMR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar çıxışında Cavad Cavadlının Naxçıvan ədəbi mühitinə göstərdiyi dəstəyi və qayğını ehtiramla xatırlayıb. Ədibin ailəsinin sürgün həyatı, yaşadığı çətinliklər və bu hadisələrin yaradıcılığında əksi barədə danışan Asim Yadigar “Cəhənnəmdən qaçmış uşaq” və “Sürgün” əsərlərinin əhəmiyyətini vurğulayıb.
Digər çıxışçılar da Cavad Cavadlının həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə ədibin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə tələbələrin ifasında Cavad Cavadlının “Naxçıvan” şeiri səsləndirilib, müxtəlif musiqi nömrələri ifa olunub. Daha sonra Cavad Cavadlının həyatını əks etdirən səhnəcik təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.