Axtarış

AZ EN

Naxçıvan Dövlət Universitetində birinci kurs tələbələri arasında seçmə yarışlara start verilib

16.10.2026 12:03 29
Naxçıvan Dövlət Universitetində birinci kurs tələbələri arasında seçmə yarışlara start verilib
 Naxçıvan Dövlət Universitetində birinci kurs tələbələri arasında idmanın müxtəlif sahələri üzrə ənənəvi seçmə yarışlara start verilib. Yarışlar altı idman növü – mini futbol, oğlanlar və qızlar arasında voleybol, stolüstü tennis, şahmat və basketbol üzrə keçiriləcək. İlk olaraq mini futbol yarışlarına start verilib və qarşılaşmalar bir neçə gün ərzində davam edəcək.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yarışların açılış mərasimində çıxış edərək tələbələrin idmanın müxtəlif növləri üzrə qazandıqları uğurlardan bəhs edib, bu nailiyyətlərin davamlı olmasını arzulayıb. Rektor universitetdə idman strategiyasının qəbul edildiyini, bu istiqamətdə sistemli və hesabatlı fəaliyyətin həyata keçiriləcəyini, əldə olunan nəticələrin mütəmadi müzakirə olunacağını bildirib. Əsas məqsədin ölkə və beynəlxalq səviyyədə uğur qazana biləcək komandaların hazırlanması olduğunu vurğulayıb. Rektor həmçinin tələbələrin idmana cəlb olunmasının əhəmiyyətindən və bu istiqamətdə universitetdə yaradılan imkanlardan danışıb.

Universitetin İdman Klubunun sədri Məmmədəli Rəhimov çıxışında yarışların əsas məqsədinin birinci kurs tələbələri arasından istedadlı tələbələri müəyyənləşdirmək, onları universitetin yığma komandasına cəlb etmək və idman məşqlərində iştiraka təşviq etmək olduğunu bildirib.

Qeyd edək ki, yarışlarda universitetin bütün fakültələrinin, eləcə də NDU nəzdində fəaliyyət göstərən Tibb Kolleci, Texniki Kollec və Musiqi Kollecinin komandaları olmaqla, ümumilikdə, 13 komanda iştirak edir.
Paylaş: