Axtarış

AZ EN

NDU-da 52 il çalışan və 5000-dən çox tələbəyə dərs deyən alim təqaüdə yola salınıb

09.09.2026 15:54 57
NDU-da 52 il çalışan və 5000-dən çox tələbəyə dərs deyən alim təqaüdə yola salınıb

Naxçıvan Dövlət Universitetində 52 illik elmi-pedaqoji fəaliyyətini başa vuran Fizika-riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Fərman Qocayev təqaüdə yola salınıb.


Tədbirdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev alimin yarım əsrdən artıq müddətdə universitetin elmi və akademik inkişafına, fizika elminin tədrisinə və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verdiyini bildirib, ona çoxillik səmərəli fəaliyyətinə görə təşəkkür edib.


Fizika-riyaziyyat fakültəsinin dekanı Vüqar Salmanov, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri Billurə Hacıyeva və digər çıxışçılar Fərman Qocayevin keçdiyi elmi-pedaqoji yoldan və tələbələrin yetişdirilməsindəki xidmətlərindən danışıblar.


Qeyd olunub ki, 1968–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda aspirantura təhsili alan Fərman Qocayev Azərbaycanda yarımkeçiricilərin nazik təbəqələrinin tətbiqi istiqamətində ilk tədqiqatlar aparan alimlərdəndir. 2007-ci ildə alim Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında “Tərəqqi” medalı ilə təltif olunub.


Fərman Qocayev 52 illik fəaliyyəti ərzində 5000-dən çox tələbəyə dərs dediyini və 5 elmlər namizədi yetişdirdiyini bildirib, göstərilən diqqətə görə universitet rəhbərliyinə və kollektivə təşəkkür edib.


Sonda alimə NDU-nun rektoru Elbrus İsayev tərəfindən “Təşəkkürnamə” təqdim olunub.  



Paylaş: