NDU-da “Riyaziyyatın tədrisi metodikası” adlı dərs vəsaiti təqdim olunub
23.09.2026
11:52
39
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Tədrisin təşkili” şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Aynurə Seyidova və Sumqayıt Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Könül Əliyevanın həmmüəllifi olduqları “Riyaziyyatın tədrisi metodikası” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək dərs vəsaitinin “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr üçün hazırlandığını bildirib. Qeyd olunub ki, nəşrdə riyaziyyatın tədrisində müasir metod və yanaşmalar, təlimin təşkili prinsipləri və qiymətləndirmə üsulları əhatə olunub.
Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vüqar Salmanov kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, 13 fəsildən ibarət vəsaitdə riyaziyyatın tədrisi metodikası, təlim metodlarının seçilməsi, tədris materiallarının müəyyənləşdirilməsi və onların orta məktəb təliminə uyğunlaşdırılması məsələlərinə toxunulub.
Tədbirdə “Ümumi riyaziyyat” kafedrasının dosenti Orxan Cəfərov, kafedra müdiri Abdulla Həsənov, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri Billurə Hacıyeva, Fizika-riyaziyyat fakültəsinin dekan müavini Ruhiyyə Cəfərova və “Ümumi riyaziyyat” kafedrasının baş müəllimi Cavanşir Quliyev və digərləri çıxış ediblər. Çıxışlarda riyaziyyatın tədrisində metod və prinsiplərin əhəmiyyəti vurğulanıb, vəsaitin gələcək müəllimlərin peşəkar hazırlığı baxımından əhəmiyyəti qeyd olunub.
Həmmüəlliflərdən Könül Əliyeva onlayn formatda, Aynurə Seyidova isə tədbirdə çıxış edərək kitabın hazırlanma prosesindən, qarşıya qoyduqları məqsədlərdən və nəşrin ərsəyə gəlməsi istiqamətində görülən işlərdən danışıblar. Müəlliflər çəkilən əməyin nəticəsindən məmnunluğunu ifadə edərək göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Sonda müəllif Aynurə Seyidovaya gül dəstələri təqdim olunub.