NDU əməkdaşı Orhun mübadilə proqramı çərçivəsində Türkiyədə akademik fəaliyyət göstərib
Naxçıvan Dövlət Universitetinin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Orhun mübadilə proqramı çərçivəsində Ankara Musiqi və Gözəl Sənətlər Universitetində akademik fəaliyyət göstərib.
Səfər müddətində dosent universitetin tədris prosesində iştirak edib, tələbələrlə elmi-pedaqoji təcrübəsini bölüşüb. Həmçinin onun “XIX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətinin inkişafı” mövzusunda elmi seminarı keçirilib. Seminarda professor-müəllim heyəti və tələbələr iştirak edib, Azərbaycan musiqi irsinin tarixi və inkişaf xüsusiyyətləri müzakirə olunub.
Səfər çərçivəsində Günay Məmmədova universitetin Musiqi Elmləri və Texnologiyaları fakültəsinin dekanı, professor Ahmet Serkan Ece, “Musiqişünaslıq” kafedrasının müdiri, professor Banu Mustan Dönmez və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Emrah Hatipoğlu ilə görüşüb. Görüşlərdə akademik əlaqələrin genişləndirilməsi, elmi-mədəni tədbirlərin təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Günay Məmmədova ötən il də mübadilə proqramı çərçivəsində İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında olub.