Axtarış

AZ EN

NDU-da IELTS hazırlığına dair yeni tədris vəsaiti təqdim olunub

20.10.2026 10:22 33
NDU-da IELTS hazırlığına dair yeni tədris vəsaiti təqdim olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İngilis dili və metodika” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Cavid Babayevin müəllifi olduğu “Enhancing IELTS Reading Proficiency” kitabının təqdimatı keçirilib.


Tədbirdə giriş sözü ilə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, “İngilis dili və tərcümə” kafedrasının baş müəllimi Aidə Cəlilzadə universitet nəzdində fəaliyyət göstərən IELTS Mərkəzinin fəaliyyəti, imtahanların mütəmadi təşkili və tələbələrin beynəlxalq imtahanlara hazırlığı üçün yaradılan imkanlar barədə məlumat verib. O, keyfiyyətli tədris resurslarının əhəmiyyətini vurğulayaraq yeni nəşrin tələbələrin ingilis dili üzrə oxuyub-anlama bacarıqlarının inkişafına və IELTS imtahanına sistemli hazırlığına töhfə verəcəyini bildirib.


Xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Yasin Babazadə, “İngilis dili və metodika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Türkan İsmayıllı, NDU-nun Tərcümə Mərkəzinin tərcüməçisi, “İngilis dili və tərcümə” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva və NDU Elmi Kitabxanasının baş kitabxanaçısı, kitabın redaktoru Şəbnəm Məmmədova çıxışlarında nəşrin məzmunu və tədris baxımından əhəmiyyətindən bəhs ediblər.


Qeyd olunub ki, kitabda gündəlik həyat, rəqəmsallaşma və müasir dövrün aktual məsələlərini əhatə edən 50 mətn yer alıb. Mətnlər çətinlik dərəcəsinə görə asan, orta və çətin olmaqla üç səviyyədə qruplaşdırılıb. Vəsaitdə təkrarsız 20 min söz və akademik terminlərdən istifadə olunması tələbələrin leksik ehtiyatının genişləndirilməsinə xidmət edir.


Tədbirdə çıxış edən müəllifin həyat yoldaşı Səyyarə Sadıxova uzun illər davam edən zəhmətin bəhrəsini görməkdən məmnunluğunu ifadə edib. O, Cavid Babayevin əzmkarlığını vurğulayaraq nəşrin ərsəyə gəlməsini onun səbr və əməyinin nəticəsi kimi dəyərləndirib.

Müəllif Cavid Babayev kitab üzərində 12 il ərzində işlədiyini, kitabın əsasən IELTS imtahanının oxuyub-anlama bölməsinə hazırlaşanlar, xüsusilə Pre-IELTS səviyyəsində olan tələbələr üçün nəzərdə tutulduğunu qeyd edib. Cavid Babayev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.


Sonda müəllifə gül dəstəsi və hədiyyə təqdim olunub.


Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi


Paylaş: